Bloq / Press


Tarla Seminarı

Yevlax rayonunda Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin, “Azərşəkər” MMC və  “Gilan Pivot” MMC-nin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində “İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyaların nümayişi" mövzusunda respublika müşavirəsi keçirilib. Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Xaliq Əliyev, aidiyyəti dövlət qurumlarının nümayəndələri, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbərləri iştirak ediblər.

Tədbirdə müşavirənin keçirilməsində əsas məqsədin son dövrlərdə dünyada baş verən qlobal istiləşmənin kənd təsərrüfatına mənfi təsirlərinin azaldılması baxımından iqlim dəyişikliyinə adaptasiya edən nəmlik qoruyucu texnologiyaların və innovativ yeniliklərin ölkə ərazisində geniş tətbiq edilməsi, ətraf mühitin qorunması, quraqlıqdan əziyyət çəkən bölgələrdə fəaliyyət göstərən fermerlərin bilik və bacarıqlarının artırılması, həmçinin iri fermer təsərrüfatıları və aqroparklar tərəfindən bu sahədə əldə edilmiş təcrübələrin bölüşdürülməsi olduğu bildirilib.

Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, son illərdə Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək dövlət diqqəti nəticəsində iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahədə keyfiyyətcə yeni inkişaf mərhələsinə keçid üçün əsaslı zəmin yaranıb və ölkənin ərzaq təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi prosesində mühüm addımlar atılıb.

Sonra çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov deyib ki, aqrar sahədə tətbiq olunan yeniliklər, innovativ texnikalardan geniş istifadə məhsuldarlığı dəfələrlə artırır, torpaq və su resurslarından daha səmərəli istifadə olunur, məhsulun maya dəyəri azalır, fermerlər daha çox gəlir əldə edirlər.

Biz də “Prior Leasing” olaraq mövzu ilə bağlı dəstək məqsədi ilə tədbirdə iştirak edib, ən son texnikalarımızı  sərgilədik. “Prior Leasing” ASC-nin  baş direktor müavini Fərrux Süleymanov jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, müasir təsərrüfatlar bu gün rəqəmsal texnologiyalar vasitəsilə böyük mənfəətlər əldə edir: “Bu texnologiyalar sayəsində fermerlər dəqiq əkinçilik həyata keçirir, sudan və gübrədən daha səmərəli istifadə edirlər. Biz də dünyanın ən qabaqcıl texnika brendlərini ölkəmizə gətirərkən qeyd olunan məsələlərə xüsusilə diqqət edərək fermerlərin iş şəraitlərini  yaxşılaşdırmaq, təmiz ekoloji mühiti qorumaq üçün çalışırıq”

Onu da qeyd edək ki, müşavirədə kənd təsərrüfatı sahəsində tətbiq olunan innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri, orqanik gübrələr və biopreparatlar nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Baxış: 301


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar