“AzAqro”nun dəstəyilə bu ölkələrə Şəmkir ərazisindən bir milyon gül ixrac olunacaq
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davamlı və dinamik inkişafa, sərbəst bazar münasibətlərinə əsaslanan, sosialyönümlü iqtisadi siyasəti nəticəsində milli iqtisadiyyatımızın uğurları daha da möhkəmləndirilib, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb.
Ölkəmizdə dövlət-sahibkar münasibətlərini tənzimləyən əsas prinsiplər müəyyənləşdirilib, bu münasibətlərin institusionallaşdırılması baş verib. Ümumiyyətlə, sahibkarlığın inkişafı sahəsində qəbul edilmiş normativ-hüquqi sənədlər, sahibkarlığa dövlət maliyyə mexanizminin daha da təkmilləşdirilməsi iş adamlarında özünəinam hissini artırıb, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, xüsusilə də regionlarda yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına təkan verib. Artıq ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektləri sosial təşəbbüslərə daha fəal qoşulmaqdadırlar.
Məqsədli dövlət proqramlarının icrasında sahibkarların fəallığının artmasında, ölkədə istehsal olunan məhsulların keyfiyyətinin yüksəldilməsində, istehsal həcminin və çeşidinin genişlənməsində xüsusilə əhəmiyyətli olmaqla, daxili tələbatın maksimum dərəcədə yerli istehsal hesabına ödənilməsinə, ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsinə, ölkəmizin ixrac imkanlarının genişləndirilməsinə əlverişli şərait yaradıb.
“AzAgro” MMC Şəmkir rayonunun Sarıtəpə kəndində Azərbaycanda kənd təsərrüfatı sahəsində innovativ üsulların tətbiqi, müasir tələblərə cavab verən texnologiya əsasında mərkəzləşdirilmiş kompüter bazasında əkinin idarə edilməsi sistemini həyata keçirir.
“AzAgro” MMC, 2008-ci ildə təsis edilmişdir və 2010-cu ildən etibarən “Synergy Group” MMC-nin törəmə müəssisəsi olaraq fəaliyyət istiqamətini istixana şəraitində kənd təsərrüfatı məhsullarının istehsalının təşkilinə yönəldib.
“AzAgro” MMC-nin istixana təsərrüfatları 2012-ci ilin sentyabr ayından etibarən 1 hektar ərazidə damla suvarma texnologiyası ilə qızılgülün yetişdirilməsinə başlayıb. İstixana ən müasir tələblərə cavab verən tam sənaye səviyyəsində avadanlıqla təchiz olunmuş müəssisədir. Güllər tam torpaqsız mühitdə, xüsusi mineral substratlarda yetişdirilir.
Suvarma, isitmə, havalandırma, iqlimin nizamlanması, pərdələmə, soyutma və s. proseslər tam avtomatlaşdırılmış şəraitdə və kompüter proqramları ilə idarə olunur. Müəssisədə istifadə olunan texniki vasitələr beynəlxalq standartlara tam uyğun səviyyədə məhsulların yetişdirilməsinə imkan verir.
İstixananın fəaliyyətinin genişləndirilməsi üçün Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfindən konsaltinq və hüquqi məsləhət xidmətləri, aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə, dövlət dəstəyi mexanizmləri haqqında məlumatlandırma və onlara çıxış kimi istiqamətlərdə dəstək göstərilib.
Yeni layihə investisiya təşviqi sənədi əsasında reallaşdırılıb. Layihəyə 2,3-milyon manat həcmində investisiya yatırılıb və istixananın əsas investisiya mənbələrindən biri də "Prior Leasing" şirkətidir. Şirkət kənd təsərrüfatının inkişafı ilə bağlı layihələrin və proqramların Dövlət Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına maliyyələşdirilməsi və lizinqə verilməsi ilə məşğuldur.
İstixananın əvvəl illik istehsal gücü bir milyon gül idisə, yeni istixana fəaliyyətə başladıqdan sonra gül istehsalı 3 milyona qədər artırılıb. Hazırda AzAgro məhsullarının ixracına başlayıb.
İxrac olunacaq ölkələr Rusiya və Gürcüstan nəzərdə tutulub. Bu ölkələrə Şəmkir ərazisindən illik 1 milyon ədəd gül ixrac olunacağı gözlənilir. Əlavə edək ki, yeni istixana idxalı əvəz edir. Belə ki, yerli istehsal, ölkədə gülə olan tələbatı təmin edir. Həmçinin yeni istixana istehlak qiymətlərinin də, aşağı salınmasına xidmət edir.
Regionlarda məşğulluq səviyyəsi günü gündən artır. Əvvəl müəssisədə 41 nəfər çalışırdırsa yeni istixananın fəaliyyətindən sonra bu göstərici 71 nəfərə çatdırılıb. Bu da öz növbəsində regionlarda qadınların məşğulluq səviyyəsini artırmaqdadır. Müəssisədə çalışanların 70%-ni qadınlar təşkil edir.
“AzAgro” MMC-nin aid olduğu “Synergy Group” MMC, qeyri-neft sektorunda müxtəlif inkişaf yönümlü şirkətlərdən ibarət dinamik portfeli uğurla idarə edir. Qrupa daxil olan şirkətlərdə 2000-dən artıq iş yeri ilə birbaşa təmin edilir və ümumilikdə bizim müəssələrimizin bazarda iştirakı ilə əlavə minlərlə iş yerinin yaranmasına təkan veririk. “Synergy Group” istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, otelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar etməkdədir.
Şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verir. “Synergy Group” MMC-nin investisiya strategiyası yatırımların yüksək rentabelliyini təmin etməklə uzunmüddətli inkişafın əldə olunmasına əsaslanır.
“Synergy Group” qeyri-neft sektorunda müxtəlif və inkişaf yönümlü şirkətlərdən ibarət dinamik portfeli uğurla idarə edir. Qrupa daxil olan şirkətlərdə 2000-dən artıq insan iş yeri ilə birbaşa təmin edilir və ümumilikdə müəssisələrin bazarda iştirakı ilə əlavə minlərlə iş yerinin yaranmasına münbit şərait yaranır.
geri