Bloq / Press


Bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar

Bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar

 

Payızın sonunda, meyvə ağacları yarpaqlarını tökdükdən sonra bağlarda bir sıra aqrotexniki əməliyyatları mütləq şəkildə yerinə yetirmək lazımdır. Belə ki, vegetasiyanın sonunda yığılıb qalan zərərvericilər və müxtəlif xəstəliklərin göbələk sporları (xəstəlik törədiciləri) qabığın altında, budaqların birləşmə yerlərində, yerə tökülən yarpaqların altında, xəstə budaqlarda və s. yerlərdə qışlayaraq gələn ilin məhsulu üçün potensial təhlükə yaradırlar. Payızın sonunda həyata keçirilən aqrotexniki və kimyəvi əməliyyatların əsas məqsədi meyvə ağaclarını zərərvericilərdən, xəstəlik törədicilərdən, gəmiricilərdən və eləcə də qış şaxtalarından qorumaqdır. Ağac gövdələrinin ağardılması, yerə tökülən yarpaqların və quru budaqların yığılaraq bağdan çıxarılması, yandırılması, ağaclara superfosfat və kalium gübrələrinin verilməsi, xəstəliklərə və zərərvericilərə qarşı pestisidlərin çilənməsi, gövdə ətrafı torpaq dairələrinin bellənməsi və s. bu kimi işlər payızda aparılır və gələn ildə yüksək keyfiyyətli, bol məhsul üçün münbit şərait yaradır.

– Ağac gövdələrinin ağardılması haqqında ötən məqaləmizdə ətraflı məlumat verilmişdir.

– Aparılacaq digər əməliyyatlara gəldikdə isə, məsələn bəzi meyvə bağlarında yerə tökülən yarpaqları sahədən çıxartmırlar və oradaca torpağı qazaraq yerə basırırlar. Lakin nəzərə almaq lazımdır ki, bir çox zərərvericilər yerə tökülmüş yarpaqların arxa tərəfində öz sürfələrini qoyaraq orada qışlayır, havalar isinən kimi fəaliyyətə başlayır və çoxalırlar. Bu səbəbdən də payızda yerə tökülən yarpaqların və digər ağac hissələrinin sahədən çıxarılaraq, kənar yerdə yandırılması məsləhət görülür.

– Torpaqda qışlayan zərərvericiləri və onların sürfələrini məhv etmək üçün ağacların gövdə ətrafı torpaq dairələrini 15-20 sm dərinlikdə belləmək lazımdır və bu zaman belləməni ehtiyatla etmək lazımdır ki, ağacın kökləri zədələnməsin.

– Meyvə ağaclarının qışa hazırlığını və gələn ilin məhsuldarlığını təmin etmək etmək məqsədi ilə bağlarda fosfor və kalium gübrələri tətbiq edilir. Ağac gövdəsindən 50-60 sm aralı məsafədə 15-20 sm dərinlikdə dairəvi xəndək qazılaraq gübrə oraya tökülür, üstü torpaqla örtülür və suvarılır. Böyük alma və armud ağaclarının hər birinə 300 qram superfosfat və 200 qram kalium sulfat gübrəsi verilir. Gavalı və gilas ağaclarına isə 10 litr suya 3 x.q superfosfat və 2 x.q kalium sulfat gübrəsi qarışdırılaraq gövdə ətrafına tökülür. Hər bir böyük ağaca bu məhluldan 4-5 vedrə tökülür.

– Payızın sonunda yarpaqlar tamamilə töküldükdən sonra meyvə ağaclarına 3%-li Bordo mayesi çiləmək lazımdır. 100 litr suya 3 kq Bordo bulaması qataraq ağaclara çilənməsi ən təhlükəli xəstəliklərdən olan dəmgil, unlu şeh, çürümə və digər xəstəliklərə qarşı profilaktiki tədbir sayılır.

– Əgər müxtəlif səbəblərdən ağacların gövdələri köhnə qabıqlardan təmizlənərək ağardılmayıbsa, böyük ehtimalla müxtəlif zərərvericilər qabıqların altında qışlayırlar. Bu zərərvericilərə qarşı mübarizə aparmaq üçün ağaclara 100 litr suya 2,5 kq qatmaqla “Metatolle oil” yağı preparatını çiləmək lazımdır.

Yuxarıda göstərilən aqrotexniki və kimyəvi əməliyyatlar yerinə yetirilərsə, gələn ilin vegetasiya dövründə xəstəlik və zərərvericilərin miqdarı kəskin şəkildə azalacaq və bunun da nəticəsində həm məhsuldralıq, həm də bağdan götürülən gəlir artacaqdır.

 

Mənbə: http://www.gaba.az/meyv%C9%99-baglarinda-payiz-movsumund%C9%99-aparilan-%C9%99m%C9%99liyyatlar/

Baxış: 4093


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar