Əkin qabağı hazırlıq prosesi
Bitki əkini üçün sahə həmişə tam yararlı halda olmur. Xüsusilə daşlı-kəsəkli, az münbit, bəzi hallarda şoran torpaqlar olur ki, həmin ərazilərdə bir sıra meliorativ tədbirlər – daş-kəsəkdən təmizləmə, suvarmanı asanlaşdırmaq üçün səthin relyefinin nizamlanması, münbitliyi artırmaq məqsədilə tam normada üzvi, mineral gübrələrin verilməsi və başqa tədbirlər aparılmalıdır.
Torpağın hazırlanması, onun şumlanmasından, yumşaldılmasından (ikinci şumlamadan), malalanmasından, səthin hamarlanmasından (ütüləmə), əkiləcək bitki və ya səpiləcək toxum üçün yerlərin (çalaların, şırımların, ləklərin) hazırlanmasından ibarətdir.
Şumlama. Yerin üst qatının 30-80 sm dərinlikdə yumşaldılaraq əkin üçün yararlı hala salınmasıdır. Qidalı təbəqəsi az olan torpaqlar dayaz, çox olanlar isə dərin şumlanır. Bundan əlavə bostan-tərəvəz bitkiləri və digər birillik bitkilər (dənli-taxıl, dənli-paxlalı və b.) üçün torpaqlar dayaz (25-30 sm), ağac-kol bitkiləri əkini üçün isə dərin (50-80 sm) şumlanır. Yazda əkiləcək bitkilər üçün torpaq payızda, payızda əkiləcək bitkilər üçün isə yazda və yayda şumlanmalıdır. Əsaslı şum aparmaq üçün laydırlı (torpağı çevirən) kotanlardan istifadə olunur. Vaxtında şumlanmış sahə əkinqabağı yenidən 15-20 sm dərinlikdə yumşaldılmalıdır. Bu əməliyyat geniş sahələrdə laydırsız kotanlarla və ya kultivatorlarla, kiçik sahələrdə isə əl toxaları (kətmən) vasitəsilə həyata keçirilir.
Malalama və ütüləmə. Əsas və əkin qabağı şum əsasən gələcəkdə becəriləcək əsas bitkilərə mane olan digər bitkiləri (alaq otlarını) məhv etməkdən ibarətdirsə, malalama və ütüləmədə əsas məqsəd toxumların bərabər dərinliyə səpilməsi, əkiləcək bitki yerləri üçün nizamlamanın asan və düzgün aparılması, texnikanın sahədə asan işləməsi və sairədir.
Alaq otları ilə mübarizə. Mədəni əkinçilikdə becərilən əsas bitkilərdən başqa, sahədə əmələ gələn (təbii, öz-özünə) digər bitkilər alaq otları adlanır. Məsələn, buğda becərilən sahədə tülpan (dağlaləsi), tülpan becərilən sahədə isə buğda alaq otu kimi məhv edilir. Yəni, “alaq otu” adlı bitki yoxdur. Ola bilər ki, becərdiyimiz hər hansı bir mədəni bitkilikdə (bostan-tərəvəz sahəsində, meyvə bağında və b.) alaq otu kimi məhv etdiyimiz bir bitki çox qiymətli dərman, efir yağlı və başa bir bitkidir. Bununla belə, mədəni əkində bitdiyinə görə məhv edilməlidir. Çünki, alaq otu adlandırılan həmin bitkilər mədəni bitkilərə nisbətən daha güclü və sürətli inkişaf edərək, becərdiyimiz bitkinin həm qidasına, həm suyuna və həm də günəş işığına “şərik” çıxaraq onun normal inkişafına mane olur. Alaq otları ilə mübarizədə aqrotexniki, mexaniki və kimyəvi tədbirlərdən istifadə olunur. Bunlardan aqrotexniki mübarizə tədbirləri ən səmərəli üsul hesab edilməlidir. Torpağa tətbiq edilən bütün aqrotexniki tədbirlərə (torpağın dincə qoyulması, əsas və əkinqabağı şum, malalama, cərgə aralarının kultivasiyası, üzvi gübrələrin yalnız tam yanmış (çürümüş) halda tətbiqi və b.) düzgün riayət edilərsə, becərilən mədəni bitkilərə alaq otlarının ziyanı minimuma enər. Bununla yanaşı, aqrotexniki tədbirlər ən yüksək səviyyədə aparıldıqda belə, yenə də alaq otları tam məhv edilmədikdə, onları əl, yaxud mexanizmlər vasitəsilə, həmçinin kimyəvi preparatların (Herbisid latın dilində “herba” – ot, “sido” – məhv edirəm deməkdir) tətbiqi ilə məhv edirlər.
Mənbə : https://naxcivanxeberleri.com/iqtisadiyyat/22711-muxtar-respublikada-torpaqlarin-kin-hazirlanmasi-lamiy-quliyeva-yazir.html
geri