Fərrux Süleymanov: “III Aqrobiznesin İnkişafı Forumu dövlət-özəl sektor arasında əməkdaşlığın daha da gücləndirilməsində xüsusi rol oynayır.”
Qubada Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə təşkilatçılığı ilə III Aqrobiznesin İnkişafı Forumu keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının rəhbər şəxsləri, nazirliklərin tabeli qurumlarının, Mərkəzi Bankın, ölkədə fəaliyyət göstərən bankların, həmçinin yerli və beynəlxalq təşkilatların nümayəndələri, eləcə də sahibkarlar iştirak ediblər.
Forumda ilk olaraq çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkə iqtisadiyyatında və əhalinin məşğulluğunda mühüm rolu olan aqrar sektora göstərilən dövlət dəstəyi, bu sahənin inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər barədə məlumat verib. Nazir qeyd edib ki, prezident İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri elan olunub. Kənd təsərrüfatı məhsulları istehsalçılarına edilən güzəştlər və yardımlar da bu sahənin inkişafına əhəmiyyətli dərəcədə zəmin yaradır.
Digər çıxışlarda müasir çağırışlara uyğun olaraq innovativ aqrobiznes mühitinin yaradılmasından və onun inkişafından bəhs edilib.
Forumda iştirak edən kənd təsərrüfatı texnikalarının ölkəmizə gətirilərək satışını həyata keçirən “Prior Leasing” şirkətinin baş direktorunun müavini Fərrux Süleymanov III Aqrobiznesin İnkişafı Forumunun dövlət- özəl sektor arasında əməkdaşlığa verdiyi yüksək töhfədən bəhs edərək bildirib ki, dövlətimizin hər zaman sahibkarların yanında olması olduqca qürurverici bir haldır: “ Forum çərçivəsində “Azərbaycanda kənd təsərrüfatının maliyyələşdirilməsi üzrə mövcud vəziyyət”, “ Aqrar sahənin maliyyələşmə ehtiyacları, tələb və təklif əsaslı qiymətləndirmə” mövzularında təqdimatlar keçirildi. Aparılan müzakirələr nəticəsində kənd təsərrüfatı və xüsusilə də maliyyə sahəsindəki yenilikləri öyrəndik. Bu baxımdan da ölkəmizdə belə Forumların keçirilməsini zəruri bilir və alqışlayırıq.”
Qeyd edək ki, Forum müxtəlif panel sessiyaları ilə öz işini yekunlaşdırıb.
geri