Gül kimi biznes
Qızılgül “Rosaceae” adlanan gül qrupuna daxildir və dünyada ən gəlirli biznes təsərrüfatı hesab olunur, çünki qızılgüldən hər gün müxtəlif tədbirlərdə istifadə olunur.
Dünyada qızıl güllərin becərilmə metodları da fərqlidir: açıq sahələrdə, qapalı sahələrdə, saxsı qablarda, terraslarda və s. Həmçinin, qızılgül istisevən bitkidir və buna görə də daha çox tropik və subtropik zonalarda becərilir. Qızılgülün yetişməsi üçün ən mükkəməl dərəcə 15 o və 28o arasında dəyişir. Qızılgül çiçəkləmə dövründə minumum 6 saat günəş şüaları qəbul etməlidir. Bu səbəbdən hava şəraiti bu bitkinin inkişafı üçün çox önəmlidir.
İnsanlar tərəfindən qızılgülün müxtəlif növ çeşidləri yaradılıb. Bunlardan biri “Müasir Bağ Qızılgül” çeşididir. O, 1867-ci ildən başlayaraq becərilməyə başlanılıb. Bu qızıgül növünün “Köhnə Bağ Qızılgül” növü ilə çox bənzərliyi vardır.
Dünyada ən çox tələbat olan qızılgül növlərindən biri isə “David Austin” qızılgülüdür. O, bəzi yerlərdə “İngilis Qızılgül”ü adlanır. Bu sort 50 il öncə yaradılmışdır. İngilis qızılgülü çox zərifdir və başqa qızılgül növlərindən fərqli olaraq təbii xəstəliklərə qarşı dözümsüzdür.
Digər maraqlı qızılgül növlərindən biri də Hibrid gülləri qrupuna daxil olan Çin qızılgülləridir. Bu güllər 18-ci əsrdə Qərb ölkələrinə təqdim olunub. Çin qızılgülü ildə 2 dəfə çiçəkləməsi, rəngarəng növlərinin olmağı və xəstəliklərə davamlılığı ilə digər qızılgül növlərindən fərqlənir. Əlavə olaraq onu da bildirək ki, Çin qızılgülünün özünəməxsus gözəl ətri də vardır.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra keçmiş Sovet respublikaları arasında əlaqələrin qırılması, qaz, enerji təchizatındakı çətinliklər Azərbaycandakı gül biznesinə böyük zərbə vurdu. Bakı ətrafındakı böyük gül istixanaları profilini dəyişərək tərəvəz, xüsusilə də pomidor-xiyar istehsalı üzrə ixtisaslaşdılar. Nəticədə böyük abadlıq işlərində istifadə olunan milyon dollarlıq gülləri xaricdən idxal etməli olduq.
Dövlət Statistika Komitəsindən əldə edilən məlumata görə, 2020-ci il ərzində xaricdən Azərbaycana 3 milyon 71 min dollardan yuxarı məbləğdə qızılgüllər buket düzəltmək həmçinin, yararlı və ya dekorativ məqsədlər üçün kəsilmiş təzə qızılgüllər, kəsilmiş təzə qərənfillər, kəsilmiş təzə səhləbçiçəyi, kəsilmiş təzə xrizantemalar, kəsilmiş təzə zanbaqlar, kəsilmiş təzə qladioluslar və kəsilmiş digər güllər gətirilib.
Qızılgül idxalının coğrafiyası da çox genişdir. Belə ki, Azərbaycan Ekvador, Keniyadan tutmuş Niderland, Belçika, Kolumbiyaya qədər çoxsaylı ölkələrdən gül idxal edir. Misal üçün ölkəmiz 2020-ci ildə Ekvadordan 1398,88 min dollar dəyərində buket düzəltmək üçün yararlı və ya dekorativ məqsədlər üçün 1630 ədəd kəsilmiş təzə qızılgüllər alıb. Eyni güldən 10 min ədədə yaxını Həbəşistandan, 22 minə yaxını Hindistandan, 167 minə yaxını Keniyadan, 138 min ədədi Kolumbiyadan, 477 min ədədi Niderlanddan gətirilmişdir. 2021-ci ilin yanvar və fevral aylarında isə gül idxalının həcmi 1 milyon 98 min dollar təşkil edib.
Ancaq 2020-ci ildə koronavirus pandemiyasına görə məclislərə qoyulan qadağa gül idxalında azalmaya səbəb olub. Belə ki, ondan əvvəlki 2019-cu ildə Azərbaycana xaricdən 6,4 milyon dollardan yuxarı dəyərində müxtəlif güllər idxal edilmişdir.
Lakin son zamanlarda ölkəmizdə və dünyada baş verən köklü ictimai-siyasi, iqtisadi və sosial dəyişikliklərə baxmayaraq, artıq Azərbaycanda gül istehsalı yenidən ön plana çıxmağa başlayır və gül istehsalçıları, idxalçıları və ixracatçıları vahid qurumda birləşiblər. Bu qurum Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyi adlanır. Assosiasiyası İctimai Birliyinin mətbuata verdiyi açıqlamaların birində bazarda gülçülük sənayesində əsas rolu qızılgüllərin oynadığı bildirilib:
“Azərbaycanda indi qızılgül istehsal edən dörd ən iri istixana kompleksi var. Bu komplekslər sənaye üsulu ilə qızılgül istehsal edirlər. Bunlar Zirədə yerləşən ”Az-Roza", Qala kəndində “Azerbaijan Flowers Company”, Qəbələdə “Azrose”, Şəmkirdə “AzAqro” şirkətlərinə məxsus istixanalardır. Azərbaycanın ümumi gülçülük sektorunun yarıdan çoxunu həmin sənaye müəssisələrində istehsal olunan güllər təşkil edir. Onlar qızılgül istehsal edirlər. Həmçinin, bizim daxili bazarda tülpan, gerbera kimi güllərin də mövcud olduğunu deyə bilərik".
geri