Bloq / Press


Pomidor əkini

Pomidor əkini

Pomidor istiyə tələbkar bitkilər qrupuna aid olub toxumu 10-12 dərəcə istilikdə cücərməyə başlayır. İstilik 20-30 dərəcə olanda toxumlar 5-7 günə cücərir. Bitkinin normal böyüməsi və inkişafı üçün istilik 23-27 dərəcə olmalıdır. Temperatur 15 dərəcəyə düşdükdə çiçəkləmə, 10 dərəcədə isə böyümə dayanır.

Bir çox aqronomların  tövsiyəsinə görə şitili müxtəlif vaxtlarda məhsul almaq üçün becərilir. Azərbaycanın aran zonasında şitillər erkən yazda (aprelin 15-dən 20-dək) və yayda (iyunun 10-dən 15-dək), dağlıq ərazilərdə isə aprelin axırı-mayın əvvəllərində daimi yerinə əkilə bilər.

Şitillər tək-tək şırımın dibindən bir az yuxarı yamac hissəyə əkilir. Keyfiyyətli və standart pomidor şitili yoğun, elastik gövdəli tünd-yaşıl, iri yarpaqlı və çox köklü olmalıdır. Şitildəki yarpağın sayı 5-8 ədəd, gövdənin uzunluğu 15-20 santimetr, yoğunluğu 5-10 millimetr və üzərində qönçələr olmalıdır. Cərgədə bitkilərarası məsafə orta hesabla 30-35 sm götürülür. Pomidorun bütün vegetasiya müddətində düzgün suvarma rejiminə əməl olunmalıdır. Əgər şitillər basdırılandan meyvələr yetişənə qədər suvarma vaxtlı vaxtında aparılırsa, bitkilər yaxşı inkişaf edir. Meyvələrin kütləvi qızardığı dövrdə bitkilər torpaq nəmliyinin azalıb–çoxalmasına baxmayaraq müntəzəm suvarmaya yaxşı reaksiya verir. Düzgün suvarma nəticəsində yüksək məhsul alınır, çiçəklər az tökülür, meyvələr iri olur. İyul və avqust aylarında suvarma günün sərin vaxtlarında aparılmalıdır. Əgər bitki susuz qalmış və sonradan xeyli suvarılmışdırsa, bu vaxt meyvələr çatlayacaqdır.

Adətən pomidor bitkisinə mineral azot gübrələri əlavə gübrə kimi iki dəfə- kiçik meyvələr əmələ gələn zaman və yığımdan əvvəl verilir. Əlavə olaraq bitkilərin kompleks yemləndirilməsi üçün kompleks gübrələrdən istifadə olunması məsləhət görülür. Hər 0,1 hektar sahəyə 40 kiloqram kompleks gübrədən (azot-16 faiz, fosfor-16 faiz, kalium-16 faiz) istifadə oluna bilər. Əlavə yemləmə zamanı üzvi gübrələrdən və peyin şirəsindən istifadə olunması məsləhətdir. Peyin şirəsi verilən zaman məhsul artımı və onun keyfiyyəti yüksəlir. Peyin şirəsindən istifadə eləməklə əldə edilən məhsul insanların səhhətinə əlavə təsir göstərmir. Peyin şirəsini 1-2 dəfə vermək məqsədəuyğundur.

Mütəxəssis hesab edir ki, dibdoldurma çox vacib işlərdən sayılır. Vegetasiya müddətində ən azı 2-3 dəfə cərgə və bitkiaralarının torpaqları yumşaldılıb bitkilərin dibi doldurulmalıdır. Dibdoldurmanın əhəmiyyəti ondan ibarətdir ki, bitkidə əlavə kök sistemi yaranır, qidalanma güclənir, bitkinin yerə yatması azalır. Bitkilərin qidalanması torpağın yumşaldılması ilə əlaqələndirilir. Alaq otları ilə mübarizə 2 dəfə normal aparılmaqla yerinə yetirilməlidir. Alaq otları ilə sirayətlənmə nəticəsində xəstəliklərin və zərərvericilərin artması müşahidə olunur. Alaq otları ilə mübarizə xəstəlik və zərərvericilərə qarşı profilaktiki mübarizə deməkdir. Bundan əlavə, alaq otları bitkinin inkişafına mənfi təsir göstərir və onun inkişafını ləngidir, ömrünü qısaldır.

Bitkilərə normal qulluq edildikdə və sortun xüsusiyyətindən asılı olaraq cücərmədən 120-130 gün sonra məhsul yetişməyə başlayır. Məhsul yığılarkən meyvələr ehtiyatla qoparılmalıdır ki, çiçək salxımı zədələnməsin və bitki şpalerdən qopmasın. Meyvə saplaqlı və saplaqsız yığıla bilər.

 

Mənbə: https://azertag.az/xeber/Pomidor_achiq_sahede_becerilerken_hansi_qaydalara_emel_edilmelidir-72777

Baxış: 5786


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar