“Prior Leasing”in növbəti “Sahə Günü” Sabirabadda keçirilib
Sabirabad rayonunun Qaratəpə kəndində “Prior Leasing” şirkəti tərəfindən dünyaca məşhur traktor brendləri - “New Holland” və “Lovol” markalı traktorların sahə günü keçirilib. Tədbirdə Sabirabad rayon DAİM-in sədri Heydər Yaqubov, rayon və ətraf regionlardan gələn fermerlər, şirkət nümayəndələri və başqaları iştirak ediblər.
Açılış nitqində tədbirin region əhalisi üçün vacibliyindən bəhs edən Sabirabad rayon DAİM-in sədri Heydər Yaqubov bildirib ki, Sabirabad kənd təsərrüfatı rayonudur və burada hər zaman yeni texnikalara ehtiyac var: “Fermerlərimiz əsas və təkrar əkin aparırlar. Ona görə də müasir, innovativ texnikalardan istifadə onlar üçün daha uyğundur. Belə sahə günlərinin mütəmadi olaraq keçirilməsi, texnikaların sahədə sınanaraq funksiyaları ilə yaxından tanış ola bilmək fürsətinin verilməsi çox möhtəşəm təşəbbüsdürr.”
Daha sonra çıxış edən, “Prior Leasing” şirkətinin PR meneceri Nilufər Mustafaqızı qeyd edib ki, sahə günlərinin keçirilməsində məqsəd nümayiş olunan texnikalarla yaxından tanışlıq, onlardan düzgün istifadə qaydaları haqqında fermerləri maarifləndirmək və kənd təsərrüfatı texnikalarına əlçatanlığı təmin etməkdir: “ Bu gün biz Sabirabadda “New Holland” və “Lovol” markalı traktorlarımız, eləcə də, “Şakalak”, “Maschio Gaspardo”, “Agrotech” markalarına aid olan pressbağlayan, ağır mala, yüngül diskli mala, otbiçən və riperlərimizi nümayiş etdiririk. Bu gün buraya gələn fermerlərə əməkdaşlarımız traktor və aqreqatlarımızın sahədə necə işlədiyini ətraflı şəkildə izah edir, onlara maraqlı olan sualları cavablandıraraq seçim etmələrinə kömək edirlər. Onu da vurğulamaq istəyirəm ki, “Prior Leasing” hər ay belə sahə günlərini Respublikamızın ayrı-ayrı rayon və kəndlərində təşkil etməyə davam edəcək.”
Tədbirin sonunda iştirak edən fermerlərə maraqlandıqları texnikalarla test yürüşləri etmək imkanı da yaradılıb.
geri