Bloq / Press


Şum prosesi və faydaları

Şum prosesi və faydaları

Şum, şumlama – torpağın laydırlı kotanla becərilməsində əsas tədbirlərdən biridir. Şum zamanı torpağın üst qatı alta, alt qatı isə üstə çevrilir.
Şum qatı – torpağın sistematik olaraq becərilən qatıdır. Adətən bitkinin boy və inkişafı üçün lazım olan bütün qida maddələri torpağın şum qatında yerləşir. Yumşaldılmış şum qatı nəmliyi asanlıqla özünə hopdurub aşağı qatlara keçirir.
▸ Şumun dərinliyi torpağın münbit qatının qalınlığına, bitkilərin və onların becərilmə aqrotexnikasının tələbinə, tarlanın alaq otları ilə zibillənmə dərəcəsinə, torpaq-iqlim şəraitinə və s. şərtlər əsasında müəyyən edilir.
▸ Torpağın əkin qatı nə qədər qalın olarsa, onun münbitliyi də bir o qədər yüksək olur. Yəni şum qatı dərin olduqda torpaqda nəmlik və qida maddələri daha çox toplandığına görə bitkilər normal inkişaf edərək yüksək məhsul verir. Ona görə də əkin qatının dərinləşdirilməsi zəruri aqrotexniki tədbir hesab olunur.
▸ Əkin qatının qalınlığının artırılması torpaqda nəmliyin kifayət qədər toplanmasına, havanın dərin qatlara asan keçməsinə və mikrobioloji proseslərin fəallaşmasına imkan verir. Belə torpaqlarda kök sistemi güclü inkişaf etdiyinə görə bitkilərin yerüstü hissəsi çox toplanır və onların yerə yatmağa qarşı davamlılığı artır.
▸ Dərin şum aparılan zaman alaq bitkiləri asan məhv edilir. Çünki bu zaman alaq otlarının kökləri tamamilə kəsilir və dərin basdırılmış alaq toxumları isə cücərərək torpaq səthinə çıxa bilmir.
▸ Bir çox xəstəlik və zərərvericilər bitki qalıqlarında məskən salır. Şumlamanı dərin apardıqda bitki qalıqları ilə birlikdə torpağın altına çevrilən xəstəlik və zərərvericilərin mənbələri də məhv edilir.
▸ Dərin şum zamanı torpağın kapillyar və ümumi məsaməliliyi artır, su və hava
torpağa asan daxil olur, aerob mikroorqanizmlərin fəaliyyəti güclənir və bitkilər
tərəfindən asan mənimsənilən qida maddələrinin miqdarı çoxalır.
▸ Dərin şum aparılan sahələrdə payız-qış və yaz dövrlərində düşən atmosfer çöküntüləri torpağın alt qatlarına gedə bilir ki, bu da torpaqda nəmlik ehtiyatını artırır və bitki köklərinin dərin qatlara asanlıqla keçməsinə imkan verir.
▸ Dayaz və hər il ardıcıl olaraq eyni dərinlikdə şum aparıldıqda, şum qatı ilə alt qat arasında bərkimiş kotanaltı təbəqə yaranır. Həmin təbəqə suyun, havanın və bitki köklərinin aşağıya doğru hərəkətini çətinləşdirir. Ona görə də bərkimiş kotanaltı qatı dağıtmaq üçün 3-4 ildən bir dərin şum və yaxud yumşaltma aparılmalıdır.
▸ Əkin qatının dərinləşdirilməsi bütün hallarda eyni dərəcədə səmərəli olmur.
Məsələn, qalın münbit qata malik olan torpaqlarda səmərəli hesab edilən dərin şum münbit qatı nazik olan torpaqlarda zərərli ola bilər. Çünki bu halda az münbit olan şumaltı qat torpaq səthinə çıxarıldıqda əkin qatının münbitliyi azalır, başqa halda isə dərin şumun aparılmasına sərf olunan əlavə xərc ödənilmir.

Baxış: 6714


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar