Bloq / Press


Taxıl biçini zamanı nələrə diqqət yetirmək lazımdır?

Taxıl biçini zamanı nələrə diqqət yetirmək lazımdır?

Taxıl biçini kənd təsərrüfatının ən mühüm mərhələlərindən biridir. Bir neçə ay davam edən zəhmətin bəhrəsini toplamaq üçün bu mərhələdə düzgün planlaşdırma və dəqiq texniki hazırlıq vacibdir. Biçin zamanı aqrotexniki qaydalara əməl edilməsə, həm məhsul itkisi, həm də maddi zərər qaçılmazdır.

 

Biçin vaxtının düzgün təyin olunması niyə əhəmiyyətlidir?

Taxıl biçini üçün optimal vaxt məhsulun yetişmə dərəcəsindən asılıdır. Əgər biçin çox tez aparılarsa, məhsulun nəmliyi yüksək olur, bu da saxlanma zamanı kiflənməyə və keyfiyyətin aşağı düşməsinə səbəb olur. Gecikmiş biçin isə dənələrin tökülməsi və məhsul itkisi ilə nəticələnir.

Taxıl biçinində yüksək məhsuldarlıq üçün nələr edilməlidir?

  • Taxılın biçilə biləcək vəziyyətdə olduğuna əmin olun: bu, dənin sərtləşməsi və taxılın ətəyindən asanlıqla qopması ilə müəyyən olunur.
  • Optimal nəm səviyyəsi adətən 14-17 % arası olur.
  • Biçinöncəsi sahədə test biçini apararaq məhsulun hazır olub-olmadığını qiymətləndirin.

Texnikanın (kombaynın) vaxtında və düzgün hazırlanması üçün hansı tədbirlər görülməlidir?

Kombaynlar biçin zamanı ən əsas rol oynayan texnikalardır. Onların saz vəziyyətdə olması məhsul itkisini minimuma endirir və işin səmərəliliyini artırır. Əgər texnikanız tam işlək vəziyyətdə deyil, nasazdırsa, bu, məhsuldarlığı qat-qat aşağı salacaq. Mümükündürsə, işə müasir standartlara cavab verən bir kombaynla başlamağınız tövsiyə olunur.

 

İstifadədə olan kombaynda hansı texniki işlər görülməlidir?

  • Kombaynın bütün hissələri – kəsici bıçaqlar, barabanlar, təmizləmə sistemləri və ötürücülər yoxlanılmalı və təmir edilməlidir.
  • Yağlama sistemi, təkərlər, zəncirlər və qayışlar işlək vəziyyətdə olmalıdır.
  • Dən itkisinə səbəb olan əsas problemlərdən biri də bıçaqların köhnəlməsidir. Onları vaxtında dəyişmək önəmlidir.
  • Əgər mümkün olsa, biçin mövsümündən əvvəl sınaq işləri aparılmalıdır.

 

Tənzimləmələrə diqqət yetirin:

  • Barabanın fırlanma sürəti və barabanla döyülmə lövhəsi arasındakı məsafə məhsulun növünə görə tənzimlənməlidir.
  • Təmizləmə sisteminin ələk boşluqları taxılın ölçüsünə uyğun şəkildə tənzimlənməlidir.

 

Biçin zamanı sürət və hərəkət istiqaməti necə müəyyənləşdirilir?

Biçin zamanı texnikanın hərəkət sürəti və istiqaməti məhsulun keyfiyyətinə və dən itkisinin səviyyəsinə birbaşa təsir göstərir.

Tövsiyələr:

  • Biçin sürəti 4-6 km/st arasında saxlanmalıdır. Sürətin çox olması taxılın tam döyülməməsinə və kənarda qalmasına səbəb olur.
  • Külək istiqamətinə qarşı və ya paralel biçin etməklə dən tökülməsinin qarşısını almaq mümkündür.
  • Təkrar keçidlərin qarşısını almaq üçün sahə düzgün planlaşdırılmalıdır.

 

Təhlükəsiz biçin üçün nələrə diqqət etmək lazımdır?

  • Əyləc, sükan, işıq sistemləri, yanacaq boruları, və kəsici hissələr mütəmadi yoxlanmalıdır.
  • Sızma, nasazlıq və ya qopmuş hissələr varsa, biçinə başlamazdan əvvəl aradan qaldırılmalıdır.

  Kombayn işləyərkən heç kim kəsici hissəyə, fırlanan hissələrə və ya kombaynın yaxınlığına yaxınlaşmamalıdır.

  • Uşaqların kombayn işləyərkən yaxınlığında olması qəti qadağandır!
  • Kombayn işləyərkən onun üstünə çıxmaq və ya tullanmaq təhlükəlidir.
  • Kombaynda hər zaman yanğınsöndürən balonu olmalıdır.
  • Quru otlar, saman qalıqları, mühərrik hissələrinə yığılıbsa, təmizlənməlidir.
  • Yanacaq doldurma əməliyyatı biçin zamanı və ya mühərrik işləyərkən edilməməlidir.
  • Kombayn düzgün məsafə və sürət ilə işləməlidir. Digər texnikalara və insanlara qarşı məsafə saxlanmalıdır.
  • Dönmə, manevr və əkin sahəsindən çıxış zamanı diqqətli olunmalıdır.
  • Nasazlıq və ya tıxanma baş verərsə, kombayn tam dayandırılmalı, mühərrik söndürülməli və yalnız bundan sonra texniki müdaxilə edilməlidir.

Məhsulun daşınması və saxlanması

Biçin zamanı əldə olunan məhsul dərhal daşınıb saxlanmalı və keyfiyyətinin itməsinin qarşısı alınmalıdır. Çox zaman məhsulun sahədə uzun müddət qalması onun dəyərinin aşağı düşməsinə səbəb olur.

Təhlükəsizlik və keyfiyyət üçün:

  • Daşınma üçün konteynerlər və treylerlər təmiz və quru olmalıdır.
  • Məhsul anbarlara daşındıqda, ilk olaraq nəm ölçülməli və ehtiyac olarsa qurudulmalıdır.
  • Saxlanma yerləri kifayət qədər ventilyasiyalı və rütubətdən qorunmuş olmalıdır.

 

 

 

Əməkdaşlıq və peşəkar dəstək

Biçin zamanı təcrübəli operatorların iştirakı çox önəmlidir. Əgər sahədə yeni texnikalardan istifadə olunursa, onların düzgün idarə olunması üçün təlim keçmiş mütəxəssislərin olması vacibdir.

Tövsiyələr:

  • Yerli aqroservis mərkəzləri və kənd təsərrüfatı mütəxəssisləri ilə əlaqə saxlayın.
  • Biçin zamanı texniki nasazlıq yarandıqda dərhal müdaxilə edə biləcək texnik heyət hazır saxlanmalıdır.

 

Taxıl biçini yalnız texniki bir proses deyil, həm də ciddi planlaşdırma və diqqət tələb edən bir mərhələdir. Biçin vaxtının düzgün müəyyən olunması, texnikanın vaxtında hazır vəziyyətə gətirilməsi və praktiki tövsiyələrə əməl olunması həm məhsuldarlığı artırır, həm də maddi zərərlərin qarşısını alır. İtkisiz və səmərəli bir biçin mövsümü arzulayırıq! Bunu dəstəkləyən təptəzə, müasir kombaynları və  kombayn başlıqlarını “Prior”dan əldə edin.

 

 

 

 

 

Baxış: 721


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar