Traktorların gələcəyi: hibrid, elektrikli və avtonom traktorlar
Müasir dövrdə kənd təsərrüfatı qida istehsalı, ekologiya və iqtisadiyyatda böyük təsirə malikdir. Dayanıqlı kənd təsərrüfatının məqsədi təbii ehtiyatların effektiv istifadəsi və ekologiyaya mənfi təsirini azaltmaqdır. Həmçinin gələcək nəsillərə məhsuldar torpaq və təmiz su ehtiyatı saxlamaq da dayanıqlı kənd təsərrüfatının məqsədlərindəndir. Bu məqsədlərə çatmaq üçün yüksək texnologiyaya malik traktorlar çox vacibdir.
Traktor texnologiyalarının dayanıqlı kənd təsərrüfatına faydası nədir?
- Effektivlik artımı: yüksək effektivliyə malik, müasir dizel və benzin mühərrikli traktorlar daha az yanacaqla daha çox iş görür. Beləliklə, həm enerjiyə qənaət edilir, həm də karbon emissiyası azaldılır.
- Düzgün kənd təsərrüfatı tətbiqləri: müasir traktorlar incə üsullarla toxum səpini və gübrələmə işlərini daha həssas formada görür. Bu, ehtiyatların effektiv istifadəsini təmin edir və kimyəvi qatqını minimuma endirir.
- Yaşıl enerji ehtiyatları: bəzi aqrobrendlər artıq elektriklə işləyən modellər istehsal edir. Bu traktorlar fosil yanacaqların istifadəsini azaldır və fermerə ekologiya dostu bir enerji mənbəyi təqdim edir.
Nə üçün hibrid və elektrikli traktorlar?
Hibrid və elektrikli traktorlar daha az karbon emissiya edir və sərfiyyat baxımından çox sərfəlidir. Bu traktorlar ekologiya dostudur. Hibrid traktorlarda həm elektrikli, həm də dizel mühərrik mövcuddur. Bu modellərdə traktorun bütün elektrik sistemi hibrid mühərriklə işləyir. Traktora lazım olan əlavə gücü elektrik mühərriki təmin edir. İstixanalar və qısa məsafələrdə elektrikli mühərriki işlətmək olar. Dünyaca məşhur partnyorlarımızdan “Landini”nin “REX 4 Electra – Evolving Hybrid” modelini hibrid traktorlara misal göstərmək olar.
Elektrikli mühərrik elektrik enerjisini hərəkət enerjisinə çevirir. Bu mühərriklər səssiz işləyir, effektiv, güclü və ekonomdur. Elektrikli mühərriklərdə texniki xidmət və təmir xərci çox azdır. Enerji sərfiyyatında 90 %-ə qədər qənaət edir. Üstəlik, elektrik enerjisi olan hər yerdə asanlıqla enerjini doldurmaq mümkündür.
Qeyd edək ki, dünyaca məşhur digər partnyorumuz “New Holland”ın “T3 Electric Power” modeli 100 at gücündə olan elektrikli traktor modelidir. Bu model gücü, effektivliyi və sıfır karbon emissiyası ilə kənd təsərrüfatının gələcəyinə işıq salır. Üstəlik, dizel mühərriklə müqayisədə 80 % qənaətlə işləyir.
Bağlantılı traktor nədir?
Bağlantılı traktorlar smartfonlar və planşetlərlə idarə edilə bilən traktorlardır. Bu traktorlar mexanizatora uzaqdan izləmə və idarəetmə imkanı verir.
Avtonom traktorların üstünlükləri nələrdir?
Mexanizatorsuz traktor ideyası hələ 1940-cı illərdə ortaya çıxıb. İdeyanın müəllifi, traktor istehsalçısı Frank Adrew öz mexanizatorsuz traktorunu hərəkət etdirmək üçün tarlanın ortasına bir boru və sabit bir təkər qoyub. Ətrafına, traktorun önündəki idarəetmə çarxının qoluna kabel sarıyaraq traktoru özü-özünə hərəkət etdirməyə çalışmışdır.
Avtonom traktorlar mexanizatorsuz işləyə bilən traktorlardır. Bu texnikalar özü-özünə sürətə qərar vermək və təsərrüfatdakı canlı və cansız maneələrdən yayınmaq üçün proqramlaşdırılmışdır.
1994-cü ilə qədər mexanizatorsuz traktor ilə bağlı ciddi bir nailiyyət olmamışdır. Məhz bu ildə Silsoe Tədqiqat İnstitutundakı mühəndislər tərəvəz və bitkilər üçün hazırlanmış kiçik bir traktorun idarəedilməsinə dair layihə hazırlayıblar. Hətta bu traktor kiçik dönüşləri də bacarırdı.
Müasir avtonom traktorlarda mövcud olan sensor texnologiyası traktorun mühərrik və digər sistemlərindəki problemləri müəyyənləşdirir və mexanizatora xəbərdarlıq edir.
Bu gün dünya aqrotexnika bazarında “ATC”, “Fendt”, “Case IH” kimi brendlər avtonom (mexanizatorsuz) traktor istehsalında qabaqcıl şirkətlərdəndir.
geri