Bloq / Press


Yüksək məhsuldarlıq üçün nə etmək lazımdır?

Yüksək məhsuldarlıq üçün nə etmək lazımdır?

Bitkilərin normal böyümə və inkişafını təmin etmək və onlardan yüksək məhsul əldə etmək üçün onların mütəmadi yemləndirilməsinin böyük əhəmiyyəti var. Xüsusilə eyni yerdə bir neçə il dalbadal bitki becərdikdə torpaqdakı qida elementləri tükənir. Bitkilərin daha çox mənimsədiyi qida elementləri makroelementlər, az istifadə etdikləri isə mikroelementlər adlanır. Makroelementlərə karbon, oksigen, hidrogen, azot, fosfor, kalium və kalsium mikroelementlərə isə bor, manqan, dəmir, mis və başqaları aiddir. Bitkinin həyat amilləri kimi qida maddələri də biri digərini əvəz edə bilmir. Hər hansı bir element çatışmadıqda orqanizmdə fizioloji proseslər pozulur, bitki inkişafdan qalır və məhsulu azalır. Məsələn: çox cüzi miqdarda istifadə olunan mis çatışmadıqda zoğun uc yarpaqları saralır, quruyur, meyvələr xırda və keyfiyyətsiz olur. Ona görə də bitkidə hər hansı çatışmazlıq müşahidə olunursa, ilk növbədə torpağın qida tərkibini öyrənmək və çatışmayan elementi bitkinin xüsusiyyətinə uyğun təmin etmək lazımdır. Torpağın tərkibini bilmədən verilən gübrələr həm məhsula, həm də təsərrüfat sahibinin büdcəsinə ziyandır. Bu zərəri sığortalamaq üçün torpaqların analiz edilməsi tövsiyə olunur. Hər bir torpaq tipində əkiləcək bitkinin əkin strukturunun planlaşdırılması və gübrə normalarına olan tələbatı müəyyən edilir. Dənli bitkilərin məhsuldarlığı məhsulun keyfiyyəti torpaq-iqlim şəraitindən, torpaqların qida maddələri ilə təminolunma dərəcəsindən, sələf bitkilərindən, üzvi və mineral gübrələrin norma nisbətindən və bitkinin potensial məhsuldarlığından asılıdır. Ona görə də dənli bitkilər becərilərkən qeyd olunan göstəricilər nəzərə alınmalı, sələf düzgün seçilməlidir. Nəmliklə təmin olunmamış dəmyə torpaqlarda dənli bitkilər üçün (buğda, arpa, vələmir, çovdar və s.) ən yaxşı sələf qara herikdir.


Suvarılan torpaqlarda isə payızlıq dənli bitkilər cərgəarası becərilən bitkilərdən (pambıq, günəbaxan, qarğıdalı, yem çuğunduru, şəkər çuğunduru, tərəvəz bitkiləri və sairə) sonra əkilməlidir. Çünki bu vaxt torpaqda asan mənimsənilən əsas qida maddələrinin miqdarı nisbətən yaxşılaşır, alaq bitkiləri az olur və payızlıq dənli bitkilərin inkişafı üçün münbit şərait yaranır. Suvarma şəraitində payızlıq dənli bitkilər üçün yonca, xaşa, soya da yaxşı sələf sayılır. Ancaq yonca və xaşa sələflərindən sonra payızlıq dənli bitkilər becəriləcəksə, bu sələflər avqust ayında şumlanmalıdır, əks halda onların kök qalıqları cücərir və bitkilərin məhsuldarlığının azalmasına səbəb olur.


Payızlıq dənli bitkilər üçün (buğda, arpa) gübrə normaları müəyyənləşdirilərkən torpağın tipi, sələf bitkisi və payızlıq dənli bitkinin potensial məhsuldarlığı və torpağın əsas qida maddələri ilə (azot, fosfor və kalium) təminolunma dərəcələri nəzərə alınmalıdır. Yəni torpağın əsas qida maddələri ilə təminolunma dərəcəsinə əsasən azot, fosfor və kalium gübrələrinin norması müəyyənləşdirilməlidir.
Fosfor-kalium gübrələri səpinqabağı verilməli, sonra becərmə aparılmalıdır. Azot gübrəsinin illik normasının 30 faizi səpinqabağı, qalan 70 faizi isə erkən yazda sahəyə çıxmaq mümkün olan vaxtı (təxminən mart ayının əvvəli) verilməlidir.


Suvarma şəraitində payızlıq dənli bitkilərin sələflərin seçilməsi və yaradılması nisbətən asandır. Çünki respublikanın aran iqtisadi rayonlarında, həmçinin Şəki-Zaqatala iqtisadi bölgəsinin nəmliklə təmin olunmuş rayonlarında payızlıq dənli bitkilərdən sonra ikinci məhsul kimi qarğıdalı bitkisinin dən və yaşıl yem kimi becərilməsi mümkündür, onda payızlıq dənli bitkilərin sələfləri dəyişir.

Baxış: 3605


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar