Bloq / Press


Prior Leasing şirkətinin baş sponsorluğu ilə növbəti texnika yarmarkası Bərdədə keçirilmişdir.

Prior Leasing şirkətinin baş sponsorluğu ilə növbəti texnika yarmarkası Bərdədə keçirilmişdir.

Kənd Təsərrüfatı Nazirliyi mayın 20-dən başlayaraq ölkənin rayonlarında kənd təsərrüfatı yarmarkaları keçirir. Nazirlik iyunun 15-dək ölkənin 6 rayonunda - Şəmkir, Bərdə, Şəki, Ucar, Quba, Masallı rayonlarında texnika yarmarkaları keçirilməsini nəzərdə tutub. Texnika yarmarkalarında 20-dən artıq təchizatçı, bank, sığorta və lizinq şirkəti öz məhsul və xidmətlərini fermerlərə nümayiş etdirir, məlumat verirlər.

20-21 may tarixlərində Şəmkirdə keçirilmiş yarmarkadan sonra mayın 23-24-də Bərdədə belə yarmarka davam edib. Yarmarkada təkcə Bərdədə yaşayan fermerlər deyil, həm də Tərtər, Yevlax, Ağcabədi, Beyləqan rayonlarının fermerləri kənd təsərrüfatı texnikası təchizatçıları və maliyyə qurumları ilə tanış olmaq, eləcə də texnika satışı şərtləri barədə məlumatlandırmaq imkanı qazanıblar. 

“Fermerlər bizə mütəmadi olaraq, bu və ya digər texnikanı hansı təchizatçıdan ala biləcəkləri barədə suallar verir. Bir dövlət qurumu olaraq, hər hansı təchizatçıya fermer və ya sahibkarı yönəltməyi liberal bazar qanunlarına zidd sayırıq. Ona görə də əminik ki, bu yarmarkalar fermerlərin özlərinin təchizatçıları tapmasına şərait yaradacaq”- Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev yarmarkaların təşkili səbəbini belə izah edib və bildirib ki, kredit, sığorta və lizinq şirkətlərinin də yarmarkada iştirakı fermerlərə kənd təsərrüfatı texnikalarını özlərinə sərf edən şəkildə əldə etmək üsullarını öyrənməyə yardım göstərəcək.

Texnika yarmarkalarının təşkilində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə dəstək olan, yarmarkaların baş sponsoru Prior Leasing şirkətinin direktoru Azər Hümbətov hesab edir ki, bu tədbirlər silsiləsi fermerləri kənd təsərrüfatı texnikası ilə tanış etmək üçün dövlətin təchizatçılara və müvəkkil kredit təşkilatlarına yaratdığı fürsətdir. “Kənd təsərrüfatı texnikasının satış qaydalarındakı yeni dəyişikliklər indi hər bir təchizatçıya öz məhsulunu – texnika və damazlıq heyvanı dövlət güzəştlərindən istifadə edərək satmaq imkanı verir. Amma təəssüf ki, fermerlər bizi tanımırlar və özümüzü onlara tanıtmaq üçün təkcə kütləvi informasiya vasitələri kifayət etmir. Yerlərdə görüşlər, birbaşa məlumatlandırma lazımdır. Filial  şəbəkəmiz hələlik geniş olmadığından və kiçik və orta fermerlərin paytaxta və ya digər iri şəhərlərə getmək imkanı olmadığından, Aqrar Kredit və İnkişaf Agentliyinin təşkil etdiyi texnika yarmarkaları təchizatçılar və maliyyə təşkilatları üçün əvəzsiz platformadır” – Azər Hümbətov deyib. 

«Texnika yarmarkaları bizə həmçinin fermerlərin istəklərini və gözləntilərini öyrənməkdə kömək göstərir. Biz bu yarmarkalarda hansı tip texnikalara fermerin daha çox ehtiyac duyduğunu müəyyənləşdirə bilirik. Dövlət güzəşti ilə satılan texnika siyahısının genişlənməsi də fermerlərə daha geniş imkanlar verib. Bizim üstünlüklərimiz – həm girov olaraq, daşınmaz əmlak deyil, satdığımız texnika və avadanlığı götürməyimiz, həm də özümüzün təchizatçı qismində çıxış etməyimiz fermerlərin yüksək marağına səbəb olub. Bu yarmarkalarda real müştərilər əldə etdiyimizi çəkinmədən söyləyə bilərik” – Prior leasing-in direktoru əlavə edib. 

Qeyd edək ki, kənd təsərrüfatı texnikalarının yeni satış qaydalarına görə, istənilən təchizatçıdan alınan kənd təsərrüfatı təyinatlı texnikanın dəyərinin 40%-ni, damazlıq heyvanın isə dəyərinin 60%-ni dövlət təchizatçıya alıcı əvəzindən ödəyir. Yerdə qalan məbləği isə fermer 20% ilkin ödəmə ilə 5 ilədək müddətə faizsiz kreditlə ödəmək imkanı əldə edir.

Növbəti texnika yarmarkası mayın 26-27-də Şəkidə keçiriləcək.  

https://haqqin.az/news/150924


Baxış: 4296


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar